Almaniyada keçirilən “Avropa Forumu”nda Azərbaycan da təmsil olunub

 Almaniyanın Maqdeburq şəhərində keçirilən Avropa forumunda (“Europaforum im Palais”) keçmiş Sovet ölkələrindən yalnız Azərbaycan təmsil olunub.

“Report” xəbər verir ki, forumda Azərbaycanı “Heydər Əliyev adına Dünya Boks Komitəsi”nin (“World Boxing Committee Haydar Aliyev-WBCA) və Almaniyada “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri Yaşar Niftəliyev təmsil edib.

Forumda Avropanı, xüsusilə də qitədə yaşayan etnikləri əhatə edən bir sıra məsələlər müzakirə olunub, qərarlar qəbul edilib.

Forum çərçivəsində Almaniyanın Saksoniya-Anhalt torpaqlığının Avropa naziri Rainer Robra Y. Niftəliyevlə görüşərək son zamanlar azərbaycanlıların Almaniyada artan fəallığından, mərkəzləşmiş qüvvəyə çevrilməsindən məmnunluğunu bildirib. O, azərbaycanlıların Almaniyada qlobal tədbirlərə qatılmasına görə təşəkkür edib. Y. Niftəliyev isə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avropada, o cümlədən Almaniyada son aylar aparılan diaspor quruculuğundan, görülən işlərdən məlumat verib.

Mübariz Aslanov