Ağsu, Şamaxı və İsmayıllıda zəlzələnin fəsadlarının aradan qaldırılması üçün görülən işlər açıqlanıb

Bu gün İsmayılı rayonunda Ağsu, Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair 3 aylıq hesabat brifinqi keçirilib.

“Report” xəbər verir ki, brifinqdə həmin rayonların İcra hakimiyyəti başçıları bu istiqamətdə görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadları aradan qaldırılmaqdadır.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyib ki, zəlzələ nəticəsində rayonda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.

O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb.

İcra başçısı qeyd edib ki, eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış evlərinin, müxtəlif sosial və infrastruktur obyektlərinin bərpa və tikintisi həyata keçirilir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, rayon ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün rayon üzrə 176 yaşayış evinin tikintisinə başlanılıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov isə vurğulayıb ki, rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb.

T.Məmmədov deyib ki, Şamaxı rayonunda tikiləcək yeni çoxmənzilli yaşayış binalarında 81 ailənin yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərərçəkmiş evlərin sakinləri ilə görüşərək onların problemlərinin həlli istiqamətində dövlət qurumları ilə birlikdə sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər.