Ağakişi Mehdizadəyə futbola aid hər cür məşğuliyyət ömürlük qadağan edilib

Dekabrın 6-da AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milletcilik.az xəbər verir ki, iclasda “İnter” (hazırkı “Keşlə” klubu) və “Neftçi” futbol klublarının sabiq əməkdaşı, məşqçi-metodist Ağakişi Mehdizadə barədə “Neftçi”nin AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və A.Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən müzakirələr aparılır. İclasda oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə A.Mehdizadəyə futbola aid hər cür məşğuliyyətin ömürlük qadağan edilməsi barədə qərar qəbul olunub.

Həmçinin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsi qərara alınıb.

Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.