ABŞ-ın ticarət naziri : “Hədəfimiz Türkiyə ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır”

“Hədəfimiz Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır”.

Millətçilik.az “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Uilbur Ross Ankarada Türkiyənin ticarət naziri Ruhsar Pekcanla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında bildirib.

U.Rossun sözlərinə görə, iki ölkə arasında mövcud ticarət dövriyəsini 2, yaxud 3 dəfə artırmaq istəyirlər: “Bu, qarşılıqlı olaraq, ABŞ-ın 50 milyard, Türkiyənin də 50 milyard dollarlıq ticarət etməsi deməkdir. ABŞ-ın Türkiyədəki 43 firması, ABŞ-da iş görmək istəyən Türkiyənin 52 şirkəti ilə görüşlər keçirdik”.

R.Pekcan isə deyib ki, ABŞ-ın Türkiyədə fəaliyyət göstərəcəyi sahələr müəyyənləşdirilib: “Müzakirələr zamanı toxuculuq, hazır geyim, mebel, mərmər, avtomatika, mülki aviasiya, maşınqayırma, kimya, lojistika sahələrdə ikitərəfli ticarətin həcminin artırılması ilə bağlı razılıq əldə etdik”.

Qeyd edək ki, ABŞ-ın ticarət naziri Türkiyədə 5 günlük səfərdədir.