ABŞ Azərbaycanın Qarabağ müharibəsinə xeyir-dua verdi

Ermənistan Xarici İşlər Nazirliyi təcili bəyanat yaymağa məcbur oldu

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin ermənilərin Qarabağ münaqişəsinə baxışı barədə dedikləri erməni hökumətində ciddi qorxu yaradıb

İstiPress-in məlumatına görə, “EVNReport” portalına müsahibəsində səfir Riçard Mills bildirib ki, ermənilər öz təfəkkürlərində işğal etdikləri çoxdan ilhaq ediblər və geri qaytarılmasını ağıllarına belə gətirmirlər:

“Mən ilk dəfə bura gələndə görüşdüyüm ermənilərin əksəriyyətinin işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi şəklində geri qaytarılmasının qəti əleyhinə olmalarına təəccübləndim. Ermənistanda məqbul həll yolları və ya mümkün güzəştlər barədə müzakirələrin olmaması faktı da məni heyrətləndirdi”,- deyə Riçard Mills vurğulayıb.

Diplomatik dildə bu, ermənilərin də 1930-cu illərin almanları kimi faşist işğalı əhvalında olması deməkdir. Həmin vaxt Hitlerin ordusu Avtriyanı və Çexiyanın Sudet vilayətlərini ilhaq edəndə, Polşaya qarşı ərazi iddiaları ilə çıxış edəndə bunu bütün alman xalqı dəstəkləyirdi. Həmin vaxt Sovet İttifaqının və Britaniyanın Hitleri diplomatik yolla dayandırmaq cəhtləri, tarixin göstərdiyi kimi, uğursuz oldu. Yəni Hitler Almaniyasının başından faşizm ideyaları yalnız Berlinin işğalı, Almaniyanın Şərqi Prrusiyanı itirməsi və ölkənin bölünməsi ilə ilə çıxarıldı. İndi Almaniya faşizmə qarşı ən kəskin mübarizə aparan ölkələrdəndir.

Riçard Mills elə həmin jurnala verdiyi müsahibəsində diplomatik dillə Ermənistanı da eyni taleyin gözlədiyini vurğulayıb.  O, bildirib ki, status-kvo artıq Ermənistanın xeyrinə deyil və 2016-cı ildə baş vermiş aprel döyüşləri bunu açıq göstərdi. Yəni ABŞ səfiri ermənilərin müxtəlif bəhanələrlə danışıqlardan qaçmasının məntiqi nəticəsinin müharibə olacağını vurğulayıb. Təbii ki, bu,  ABŞ-ın Azərbaycanın müharibə aparmasına xeyir-duası kimi dəyərləndirilir.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Xüsusilə də, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin Qarabağ münaqişəsi ilə İrəvanda nümayiş etdirdiyi üslub erməniləri çox məyus edib. “News.am” portalının  yazdığına görə, erməni jurnalistlərin Dağlıq Qarabağdakı işğal rejiminin tərəf kimi danışıqlara qatılması barədə verdiyi suala isə Kent cavab verməyib. Bununla da Corc Kent ABŞ-ın Dağlıq Qarabağı və işğal edilmiş digər rayonları Azərbaycanın hüquqi ərazisi sayması barədə daha əvvəl verdiyi açıqlamalara sadiq qalıb.

ABŞ təmsilçilərinin belə açıq danışması Ermənistan Xarici İşlər Nazirliyini dərhal bəyanat verməyə məcbur edib. “News.am” portalının məlumatına görə, nazirliyin əməkdaşı Anna Naqdalyan bildirib ki, Ermənistanın xarici işlər naziri Zohrab Mnasakinyan ölkəsinin danışıqlar prosesinə sadiq olmasını dəfələrlə vurğulayıb.

Təbii ki, Azərbaycan kimi artıq Qərb də Ermənistanın bu cür bəyanatlarına inanmır. Serj Sarkisyanın apardığı danışıqlar buna əyani misaldır. Kazanda 7 rayonun Azərbaycana qaytarılmasının yol xəritəsi müzakirələrində razılaşdığını deyən Sarkisyan İrəvana dönəndən sonra bunu ən yaxın komanda yoldaşlarından belə gizlədirdi, əksinə məktəblilərlə  görüş zamanı “Biz Qarabağı aldıq, siz də Vanı almalısınız” kimi neo-faşist bəyanatlar səsləndirirdi.