20-ci əsrin modern kəndi, 21-ci əsrin bərbad qəsəbəsi- QIZILHACILIm…Ümid cənab Prezidentlə Mehriban xanımadır! -KAMİL HƏMZƏOĞLU YAZIR

Bilənlər, bilir (dəfələrlə də statuslarımda yazmışam), bilməyənlərin də diqqətinə çatdırım ki, doğulub boya-başa çatdığım Goranboyun (keçmiş Qasım İsmaylovun-onun bizə heç bir aidiyyatı olmayıb) tarixi Qızılhacılı kəndi (80-ci illərdən qəsəbə statusunu alıb) Azərbaycanın ən böyük kəndlərindəndir, deyərdim ki, həm ərazisi, həm də əhalisinə görə, ilk onluqdadır…

Azərbaycanın ən inkişaf etmiş, ən varlı, ən bol məhsullu kəndlərindən-qəsəbələrindən olub sovetlər dövründə…

Azərbaycanın indi də ən ziyalı kəndlərindəndir…Hər il Qızılhacılıdan yüksək ballarla ali məktəblərə daxil olanların sayı az qala ayrıca bir rayonun tələbə adını qazananların sayına bərabər olur…İki, üç diplomu olanların sayı saysız-hesabsızdır…

3 şəhid Milli Qəhrəmanımız, onlarla Şəhidimiz var…Müharibə, Qarabağ əlillərinin, veteranlarının sayı-hesabı yoxdur…Əsl igidlər, qəhrəmanlar yurdudur…

Dediyim kimi, sovetlər dövründə Azərbaycanın ən inkişaf etmiş, ən modern kəndlərindən olub, bu kənddə kimlər konsertlər verməyib, kimlər…Zeynəbindən tutmuş Nəzakətinəcən, Teymurunacan…

Xalq artisti-mərhum Şahmar Ələkbərov bu kənddə doğulub, böyüyüb, boya-başa çatıb…

Bəzən kəndi idarə etmək çətin olduğundan onu iki kolxoza belə bölüblər…Hansı ki, sovetlər dövründə bəzi kəndlərə kolxoz statusu verilmirdi, sadəcə, dotasiya ilə işləyən sovxoz statusu verilirdi, amma Qızılhacılı o qədər böyük, varlı-karlı, bol məhsulluydu idi ki, onu bir neçə dəfə iki hissəyə-Yuxarı və Aşağı zonaya, iki kolxoza bölmüşdülər…

1941-45-ci illərdə Azərbaycanın bəzi bölgələrində yoxsulluq, az qala aclıq yaşandığı üçün Şəkidən bir neçə ləzgi milliyyətindən olan şəxs, Ucarın Qaradağlı kəndindən bir neçə ailə, o cümlədən, Qərbi Azərbaycanın Basarkeçər (Vardenis) rayonundan, Göycə bölgəsindən bir neçə ailə bu kəndə pənah gətirmişdi…İndi də söz düşəndə onlara göyçəli filankəs, ləzgi filankəsin uşaqları, Qaradağlı filankəsin ailəsi deyirlər, o adla çağırılırlar Qızılhacılıda…Yəni, bu kənd imkanlı, çörək verən, qonaqpərvər kənd olub, heç kimi qapısından geri döndərməyib…

Hətta sovetlərin son illərində (dağılma ərəfəsində) belə, Azərbaycanın bəzi rayonlarında qazlaşdırma olmayanda, 60-70-ci illərdə kəndimizdə qazlaşdırma aparılıb, bir çox kəndlərdə telefon olmayanda, 60-ların sonları, 70-lərdə kənd əhalisinin yarısından çoxunun evində telefon olub, işıq, su, məktəb, uşaq bağçası, xəstəxana, iş yeri…problemi olmayıb…

Ancaq 80-lərin sonlarından (həm də müharibə başlayan ərəfədən) etibarən bu kəndin çöküş illəri, günləri başlayıb, bu gün də davam edir…Son illərdə cəmi bir yeni bina-mənim təhsil aldığım iki saylı orta məktəb yenilənib, yeni məktəb binası tikilib, bir də kəndimizin yuxarı hissəsində-Yuxarı zonasında bir neçə küçə asfaltlaşdırılıb, vəssalam…

Kəndin Aşağı hissəsində isə küçələr bərbad gündədir, işıq, telefon xətləri lap biabırçıdır, bir azca külək, yağış olan kimi, xətlər bir-birinə dolaşır, işıqlar sönür, telefon işləmir…Qaz xətləri də ürəkaçan deyil…Yuxarı zonada da vəziyyət təxminən elədir…

Su problemi fəlakət dərəcəsindədir…Sərsəng SES-in işğalda olması səbəbindən kəndin su, xüsusilə, içməli su problemi illərdir davam edir, arada rayonumuzun dağlıq hissəsindən içməli su xətti çəkilsə də…

Kənddə, qəsəbədə hələ də istirahət üçün park, yaşıllıq zonası yoxdur…

1984-cü ildə (cəmi iki ilə) tikilib-istifadəyə verilən və sovetlərin 5-3 gözəl, modern məktəbindən olan Qızılhacılı 1 saylı orta məktəbi, məktəbin binası sınıq-salxaq vəziyyətdədir…Heç kim incəmisən, ona məktəb demək belə, düzgün deyil, mal tövləsi ondan yaxşıdır, qapı, pəncələri sınıq-salxaqdır, binanın divarları çat-çatdır, oturmağa düz-əməlli stullar, partalar belə yoxdur…

Hansı ki, bu məktəb mərhum dövlət başçımız, tarixişəxsiyyət Heydər Əliyevin birbaşa göstərişi ilə, cəmi iki ilə tikilib-istifadəyə verilmişdi…

Bu haqda da “Heydər Əliyev və Əliş dədəm” adlı məqaləmdə geniş yazmışam…

Belə ki, sovetlər dövründə bir saylı məktəb əslən kəndimizdən olan və sonra sovetlərin əlindən qaçıb gizlənən Hacı Həvil ağanın malikanəsində (əlavə artırma otaqları hesabına) fəaliyyət göstərirdi…1982-ci ilin yayında kəndimizə ikinci dəfə qonaq gələn və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən mərhum Heydər Əliyev kənd ağsaqqalları ilə görüşəndə kəndimizin ağsaqqalı Əliş kişi (anamın doğmaca əmisi) ondan yeni məktəb binasının tikiliməsini xahiş etmiş, xahişi dərhal nəzərə alınmış, cəmi iki ilə yeni məktəb binası tikilmişdi…

1 saylı məktəbin köhnə binası isə uşağ bağçasına və 9-10-cu sinif şagirdləri üçün tədris kurs-kombinatına çevrilmişdi…Sovetlərin dağılması ilə tədris-kurs kombinatının da fəaliyyətinə son qoyulmuş (onu da bərpa etmək olar), uşaq bağçası başqa binaya köçürülmüşdü…

Artıq illərdir boş qalan həmin tarixi bina-Hacı Həvil ağanın malikanəsi uçub-dağılmaq təhlükəsi ilə üz-üzədir…Hansı ki, onu yükəsk səviyyədə restavrasiya etməklə, bir sənət abidəsi, tarixi bina kimi yaşatmaq, gələcək nəsillərə ötürmək-ərməğan etmək olar…

Yenə də dediyim kimi, 1 saylı məktəb sınıq-salxaq vəziyyətdədir, bu gedişlə uçub-dağılmasa yaxşıdır, hər an qəza-fəlakət baş verə bilər…Həmçinin, kəndin-qəsəbənin Aşağı hissəsinin ən mərkəzi küçəsi (bir saylı məktəb də onun düz yaxınlığında, kənarında yerləşir) əsl fəlakət mənbəyidir… Kəndimizə qəsəbə statusu veriləndən bu yana çəkilən asfaltdır, asfalt demək mümkünsə, çala-çuxur, potensial qəza, ölüm-itim mənbəyi…

Dəfələrlə deyilməsinə, yazılıb-pozulmasına…baxmayaraq, hələ də təmir olunmur, asfaltlaşdırılmır, eyni zamanda, kəndimizin Aşağı zonasının heç bir küçəsi bu illər ərzində asfalt üzü görməyib, xüsusilə, bizim də yaşadığımız, 100-dən çox evin olduğu, az qala minə yaxın insanın yaşadığı keçmiş Engels küçəsi (indiki adını belə düz-əməlli bilmirəm)…

Ona görə ölkə rəhbərliyinə, xüsusilə, ölkə Prezidenti İlham Heydər oğluna və Birinci xanım, Birinci vitse-prezident Mehriban xanıma bir qızılhacılılı, bir ziyalı, bir qələm əhli (31 ildir kənddə yaşamıram…) üzümü tutub xahiş edirəm ki, yollarını bir dəfə Qızılhacılıdan salsınlar, Azərbaycanın ən ziyalı kəndlərindən olan qonaqpərvər Qızılhacılı qəsəbəsinə gəlsinlər…

Bu kəndin, bu qəsəbənin çox problemi var, həddindən çox…Bu kənddə-qəsəbədə yeni məktəbə, yeni uşaq bağçasına, yeni xəstəxanaya (vaxtı ilə kənd xəstəxanasını heç bir səbəb olmadan poliklinikaya çevirdilər və…), həmçinin, istirahət parkına ciddi ehtiyac duyulur…

Yolları, işıq, telefon, qaz xətləri bərbad gündədir….Tarixi binası göz-görə məhv olmaqdadır…

Ona görə də çox istərdim və arzu edərdim ki, gəlib vəziyyətlə tanış olsunlar və problemlərin həllinə köməkliklərini əsirgəməsinlər…

İnsanlar artıq vədlərdən yorulub, çünki bu illər ərzində heç bir vəd yerinə yetirilməyib…

Ona görə də ümid-ümidimiz yalnız Sizlərədir-cənab Prezident, çox dəyərli Mehriban xanım!

Allah Sizləri, Dövlətimizi, Millətimizi qorusun!

https://www.moderator.az/news/111038.html

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri