2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xidmətin Baş İdarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 228.2.1-ci, 307.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Bayramov Elşən Mahal oğluna atası Gəncə şəhər sakini Bayramov Mahal Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7 ədəd polietilen torbaya bükülmüş və çəkisi 2,41 qram olan marixuana, eləcə də 6 ədəd siqaret kağızına bükülmüş, çəkisi 2,322 qram təşkil edən heroin aşkarlanaraq götürülüb.

Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Gəncə Şəhər Baş Polis İdarəsinə göndərilib.