Ərdoğan: Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirəcək

Türkiyə Ukrayna ilə münasibətləri möhkəmləndirməyi davam edəcək.

Millətçilik.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna başçısı Petro Poroşenko ilə görüşdən sonra deyib.

Türkiyə prezidenti qeyd edib ki, Ukrayna ilə 2011-ci ildən strateji əməkdaşlıq səviyyəsinə çıxan münasibətlərin dəstəklənməsi üzrə işlər mütəmadi olaraq davam etdirilir: “İldən-ilə biz münasibətləri daha da möhkəmləndiririk və bundan sonra da möhkəmləndirəcəyik. Türkiyə Ukraynada aparılan islahatları dəstəkləyir. Bu islahatların uğurlu həyata keçirilməsi bütün regionun xeyrinə olacaq”.

Ərdoğan həmçinin ölkələr arasında vizasız rejimin tətbiq olunmasını xatırladıb: “Vətəndaşlarımız daxili sənədlərlə ölkələrimizə səfərlər edə bilirlər. Türkiyəyə 2018-ci ildə səfər edən Ukrayna turistlərinin sayı 1 milyonu ötüb”.

Türkiyə başçısı həmçinin deyib ki, tərəflər Azad Ticarət Razılaşmasının hazırlanması üzrə işləri ilin sonuna kimi tamamlamaq niyyətindədir: “İnanıram ki, bu sənədlə ikitərəfli ticarət dövriyyəsinin həcmi 10 milyard dollara çatacaq”.