Əli Xamenei: “İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil”

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil. Milletcilik.az-ın Tehran bürosunun məlumatına görə, bunu  İranın ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün səhər İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymaninin ona İraqvə Suriyada İŞİD-in məhv edilməsini rəsmən bəyan edilməsinə dair ünvanladığı məktuba cavabında deyib.

Ayətullah Xamenei bu önəmli addımı atdıqlarına görə general Qasim Süleymaniyə təşəkkürünü bildirib: “Sizin bu addımınız bölgədə vətəndaş müharibəsinin yaradılmasına, sionistlərə qarşı müqavimətin məhvi və dövlətlərin zəifləməsinə yönələn çirkin siyasətə daha ağır zərbə vurdu.  Sizin bu addımınız Qərbi Asiya bölgəsində  öz nüfuz dairəsini genişləndirmək və qəsbkar sionist rejimini bu bölgəyə dominant təyin etmək üçün bu terror qruplaşmasını yaradan, onlara hər cür dəstək olan Amerika hökumətinə və onların regiondakı əlaltısı olan rejimlərə böyük zərbə idi”.

Ali lider məktubun davamında qeyd edir:  “Siz bu ölümcül xərçəng kütləsini dağıtmaqla  təkcə region ölkələri və İslam dünyasına deyil,  bütün xalqlara və bəşəriyyətə böyük xidmət göstərmisiniz. Bu ilahi yardımın və  “Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək)…” (ənfal surəsi, 17-ci ayə) ayəsinin misdaqıdır. Və bu  sizin və sizin silahdaşlarınızın gecə-gündüz etdiyiniz cihadın  mükafatıdır”.

“Təkidlə vurğulayıram ki, düşmənin hiyləsindən qəflətdə olmayın. Böyük investisiya yatıraraq bu çirkin planı hazırlayanlar sakit oturmayacaq. Onlar çalışacaq bu regionun digər bölgəsində başqa bir formada yenidən hərəkətə keçsinlər.  Təşəbbüsün qorunması, həssaslıq, birliyin qorunması, təhlükəli tullantıların məhvi, mədəni iş, bəsirət, qısası, hərtərəfli hazırlıq lazımdır”, – sonda Ayətullah Xamenei qeyd edib.

Qeyd edək ki,  İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Qüds briqadasının generalı Qasim Süleymani bu gün ali lider Ayətullah Xameneiyə məktub yazaraq İraq və Suriya da İŞİD-in məhv edildiyini elan edib.