Əli Həsənov Nazirlər Kabinetinə məcburi köçkünlərlə əlaqədar icra orqanlarının səlahiyyətlərini yenidən dəqiqləşdirməyi təklif edib

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovməcburi köçkünlərlə əlaqədar icra orqanlarının vəzifə və səlahiyyətlərinin yenidən dəqiqləşdirilməsi məqsədi ilə Nazirlər Kabinetinə qəbul olunmuş qaydalara yenidən baxmağı təklif edib.

Milletcilıik.az-ın məlumatına görə, Ə. Həsənov bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında deyib ki, məcburi köçkünlərlə əlaqədar icra orqanlarının vəzifə və səlahiyyətləri mövcud qanunvericilik aktları və qaydalarına əsasən dəqiq müəyyənləşdirilib, onların qəbul olunmasından uzun müddət vaxt keçib.

Baş nazirin müavini bildirib ki, ötən dövr ərzində yeni situasiyalar yarandığı üçün daxili miqrasiya və koordinasiyaya nəzarətinin gücləndirilməsi, bu sahədə səlahiyyətlərin yenidən dəqiqləşdirilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qaydalara yenidən baxılması məqsədəuyğun olardı: “Digər tərəfdən, Komitədə mərkəzləşmiş vahid kompüter uçotu sisteminin mövcud olmasına baxmayaraq, aktual məsələlərdə, məsələn, müavinət alan məcburi köçkünlərin qəsəbələrdə, müxtəlif nazirlik və fondların verdiyi, həmçinin kompensasiya vasitəsilə verilən mənzillərin paylanışında mənzil alan məcburi köçkünlərin, miqrasiya olunan məcburi köçkünlərin vahid kompüter uçotu sisteminin yaranmasına yenidən baxılmalı, işğal altında olan rayon icra hakimiyyətlərində və komitədə kompüter uçot sektoru və şöbələri gücləndirilməli, daha peşəkar kadrlarla kompletkləşdirilməlidir”.